Bankçılıq
67

“Access Bank” rəsmisi: “Bu gün ölkənin aqrar sektoru çox fəaldır”

“Access Bank” rəsmisi: “Bu gün ölkənin aqrar sektoru çox fəaldır”

“Access Bank” QSC-nin Mikro və Aqro Kreditlər Departamentinin rəhbəri Renat Hümbətov müsahibə verib:

- Renat müəllim, pandemiya dövründən sonra bir qədər sabitləşmə müşahidə olunur. Hazırda sahibkarların kredit aktivliyi nə səviyyədədir?

- Müştərilər sərt karantin zamanı bizneslərini inkişaf etdirib artırmağa risk etmirdilər. Lakin məhdudiyyətlər qismən yumşaldılandan sonra, bu ilin yanvar ayının sonundan başlayaraq kredit müraciətlərində artım hiss edilir. Belə yüksək göstəricilər adi illərdə heç də mövsümi dövr sayılmayan fevralda əldə olunub.

- Bəs banklar üçün mövsümi aylar hansılardır?

- Yazda mart-aprel və payızda sentyabr-noyabr aylarında kreditə tələbatın artdığı və bankların aktivliyin yüksək olduğu aylar sayılır. Aydındır ki, bu il vəziyyət yuxarıda göstərilən səbəblərə görə bir qədər fərqlidir.

- Ən çox kredit müraciətləri hansı sahələrdən daxil olur? Hansı sektorlarda aktivlik daha yüksəkdir?

- Bizim mikrokredit portfelinin 40%-ni kənd təsərrüfatı, 60%-ni isə digər sektorlar təşkil edir.

Bu gün ölkənin kənd təsərrüfatı sektoru çox fəaldır və dövlətin böyük dəstəyi buna təkan verir. Biznes kreditlərinə gəldikdə tikinti avadanlıqlarının alışına maraq yükdəkdir. Çünki hazırda işğaldan azad olunmuş torpaqlarda infrastrukturun yaradılması işləri gedir. Mövsüm dəyişikliyi ilə əlaqəli geyim satışı sektoru üzrə də kredit müraciətləri artıb. Bəli, böyük ticarət mərkəzləri bağlı olsalar da, onlar müştərilərinə onlayn şəkildə xidmət göstərir və malları sifarişlə çatdırırlar. Paytaxtda və bölgələrdə fərdi şəkildə fəaliyyət göstərən  geyim mağazaları isə adi rejimdə işləyir və kredit üçün bizə müraciət edirlər.

- Bəs ənənəvi biznes kreditlərinizi hansı faizlə əldə etmək olar? Bu kreditlər ilə bağlı şərtlər dəyişibmi?

- Bu, kreditin müddəti və məbləğindən, eləcə də müştərinin yeni və təkrar olmasından asılıdır. Verilən kreditin məbləğı artdıqca faiz dərəcəsi də azalır - yəni verilən kreditin məbləğı nə qədər çox olarsa, faiz dərəcəsi də o qədər aşağı olur. Daimi müştərilərə krediti daha aşağı faizlə təklif edirik, çünki onlarla öncədən əməkdaşlıq etmişik. Təkrar müştərilər bizə ilk dəfə müraciət etdikdə seçim mərhələlərindən artıq keçirlər. Yəni biz sadiq müştərilərimizi digərlərindən fərqləndirirk. Ümumilikdə, bizdə faizlər 15%-dən başlayır. Mikro kreditlərdə maksimum məbləğ 100 min manatdır.

- Azərbaycanda bir qədər əvvəl aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Onun vasitəsilə fermerlər və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar  təsərrüfatlarını - əkin sahələri və heyvanlarını sığorta edə bilirlər. Bu sığortanın olması kənd təsərrüfatına kredit verən bank üçün təminat rolunu oynaya bilərmi?

- Kənd təsərrüfatında ən böyük riskin əkinin yanması və ya heyvanların tələfatı ilə əlaqəli olduğunu nəzərə alaraq, yeni aqrar sığorta mexanizminin yaradılması bizim üçün əlavə üstünlükdür. Bankın sığortalı fermerə kredit verməsi daha da asanlaşacaq, çünki bank əmin olacaq ki,  müştərisi fors-major vəziyyətində borclarını ödəyə biləcək.

- “Access Bank” pandemiya dövründə müştərilərinin kreditlərini restrukturizasiya etdi. Sahibkarlara daha hansı yardımlar göstərildi?  

- Pandemiya dövründə restrukturizasiya ilə yanaşı, kredit verməyə də davam edirdik və bununla da sahibkarların biznes layihələrini həyata keçirmələrinə dəstək olurduq. Ölkədə karantin tədbirləri ilə əlaqədar hiss olunan qeyri-müəyyənliyə baxmayaraq, qərar verdik ki, bu, maliyyələşdirməni  sərtləşdirmək üçün səbəb deyil.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) göstərdiyi dəstəyi ayrıca qeyd etmək istərdim. Dəstək proqramında Fondun agenti qismində çıxış etdik və 4 500 müraciət işlədik. 2020-ci ilin mart ayından 2021-ci il mart ayına qədər 1 000-dən çox müştərimiz ödənilən faizin yarısına subsidiya aldı.

- Bəzən banklar bildirirlər ki, onların vəsaitləri var  və onlar kredit vermək istəyirlər, amma “etibarlı” və ya “keyfiyyətli” müştəri tapa bilmirlər. Siz belə bir problemlə üzləşməmisinizki?

- Bilirsiniz, əgər müştəri kredit ödənişini gecikdirirsə, bu o demək deyil ki, o nümunəvi müştəri deyil. Nümunəvi olmayan müştərilər vəsaitləri olduqları halda, ödəniş etmək istəməyənlərdir. Bu kategoriyada müştərilər olduqça azdır, normal banklarda elə müştərilər yox dərəcəsindədir. Çünki biz kredit verməzdən əvvəl müştərini ciddi təhlil edirik. Özü də təkcə məsələnin maliyyə tərəfini deyil, həmçinin vətəndaşın şəxsi keyfiyyətləri də nəzərə alırıq. Bu səbəbdəndir ki, müştəri gecikmə etdikdə onun buna əsaslı səbəbləri olur.

- Bu il üçün kredit portfeli və bankda yeni istiqamətlər də daxil olmaqla, hədəfləriniz nədir?

- Bu il üçün hədəflərimiz böyükdür – kredit portfelinin artırılması, yeni müştərilərin cəlbi, əməliyyat dövriyyəsinin artırılması və biznes proseslərinin rəqəmsallaşdırılması. Təklif etdiyimiz kreditlər fərdi sahibkarlar üçün nəzərdə tutulub. Onlar Bankın fərqli məhsullarından da istifadə edirlər – burada əmək haqqı layihələri, xarici və daxili pul köçürmələri və s. yer alır. Bütün bu proseslər bir-birinə bağlı olduğu üçün hər istiqamətdə artım gözləyirik.

- Bu il ən çox hansı sahələrdə biznesin genişlənməsini gözləyirsiniz?

- Biz bir neçə istiqamətdə artım gözləyirik. Bunlardan birincisi tikintidir, çünki işğaldan azad olunan torpaqlarda infrastrukturun yaradılması tikinti sektorunu inkişaf etdirəcək. Tikinti sektorunun inkişafı öz növbəsində bu sahə ilə əlaqəli digər istiqamətlərə də müsbət təsir göstərir. Nəticədə bu, daha çox texnika, xammal və tikinti materiallarının satışına, işçi qüvvəsinin artımına səbəb olacaq.

İkinci böyük artımı biz kənd təsərrüfatında gözləyirik. Biz hər il kənd təsərrüfatında yeniliklər və islahatlara şahidlik edirik, həmçinin sahibkarların özləri də bu sahəyə getdikcə daha çox diqqət yetirirlər.

Bölmədən olan bütün xəbərlər