İnvestisiya
122

Gürcüstan bankı Milli Depozit Mərkəzində hesab açacaq

Gürcüstan bankı Milli Depozit Mərkəzində hesab açacaq

Azərbaycan qiymətli kağızlar bazarının inkişafı istiqamətində xarici investorların daxili bazara cəlbi, eləcə də yerli investorların xarici bazarlara çıxışının təmin edilməsi Milli Depozit Mərkəzinin (MDM) beynəlxalq əlaqələr üzrə əsas fəaliyyət istiqamətlərindəndir.

"Renkinq" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, MDM xarici depozitar təşkilatları və qlobal kastodianlarla qarşılıqlı əlaqələrin qurulması üzrə mütəmadi iş aparır.

Xarici bazarlara çıxışın təmin edilməsi yönündə MDM beynəlxalq depozitar təşkilatı olan “Clearstream” ilə həmin təşkilatda nominal saxlayıcı hesabının açılması üzrə ikitərəfli danışıqları davam etdirir. Həmçinin xarici kastodian “Raiffeisen Bank International” ilə nominal hesabın açılmasına dair danışıqlara başlanılıb.

Ötən müddət ərzində MDM-lə adıçəkilən təşkilatlar arasında bir neçə veb-görüş təşkil edilib, xaricdə hesab açılması qaydaları və şərtləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı MDM-in üzvləri olan investisiya şirkətlərinin potensial müştəri bazası, ticarət həcmləri, investorların maraq göstərdiyi xarici bazarlar və digər müvafiq məlumatlara dair müxtəlif sorğular edilib.

“Clearstream” və “Raiffeisen Bank İnternational” kimi təşkilatlarda xarici hesabların açılması Azərbaycandakı investorların beynəlxalq bazarlara daha etibarlı platforma üzərindən çıxışını təmin etməklə yanaşı, bütövlükdə yerli maliyyə bazarının inkişafına dolayı şəkildə öz töhfəsini verəcək.

Həmçinin xarici depozitarlarla əməliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Türkiyə mərkəzi depozitarı “Mərkəzi Kayıt Kuruluşu”nda (MKK) MDM üçün nominal saxlayıcı hesabın açılması başlıca hədəflərdəndir. Bu istiqamətdə, MDM və MKK arasında onlayn görüşlər keçirilərək tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.

Eyni zamanda xarici depozitarlar və kastodian banklar mərkəzi depozitarda nominal saxlayıcı hesabların açılması üzrə də tədbirlər görür. Bu istiqamətdə Gürcüstan bankı olan “Bank of Georgia”nın MDM-də hesab açmasına dair qarşı tərəf ilə ikitərəfli danışıqlar müsbət nəticələnib. Yekun mərhələ olaraq yaxın zamanda hesabın açılması üzrə müqavilənin imzalanması gözlənilir.

Bölmədən olan bütün xəbərlər