Digər
82

Azərbaycan Mərkəzi Bankı: Manatın ucuzlaşacağı ilə bağlı iddialar əsassızdır

Azərbaycan Mərkəzi Bankı: Manatın ucuzlaşacağı ilə bağlı iddialar əsassızdır

Son günlər manatın ucuzlaşacağı ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.

“Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

“Bununla belə, dünya bazarında neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ formatında son toplantıda neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq koronavirusa (COVID-19) qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır. AMB valyuta hərraclarını həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və bu il də valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”, - deyə açıqlamada qeyd olunub.

Bölmədən olan bütün xəbərlər