Digər
96

Azərbaycanda 1, 5 və 50 manatlıq yeni pul nişanlarının tədavülə buraxılmasına başlanılır

Azərbaycanda 1, 5 və 50 manatlıq yeni pul nişanlarının tədavülə buraxılmasına başlanılır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən bu ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

“Renkinq” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, “cash-in/cash out” aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları ötən il oktyabrın 20-də məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Hazırda AMB yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlayır. Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq, paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Koronavirus pandemiyası ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (“Modenis MMC - “eManat“, “Komtec Ltd.” - “MilliÖN”, “Express Bank” ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildiriblər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasına qədər belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.

Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat AMB-nin internet səhifəsindən əldə edilə bilər.

Bölmədən olan bütün xəbərlər