Büdcə
101

Samir Şərifov: “Bu il sosial mənzillərin tikintisi üçün 152 milyon manat ayrılacaq”

Samir Şərifov: “Bu il sosial mənzillərin tikintisi üçün 152 milyon manat ayrılacaq”

“2020-ci il ölkə iqtisadiyyatı üçün sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb bir il olub. Bu da bütün dünyada baş vermiş proseslərdən irəli gələn məsələdir. Çünki ölkəmiz xarici mənşəli şoklara məruz qalıb. Bu, əsasən, qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlardır”.

“Renkinq” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və ötən ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Həmin mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb. 2021-ci ildə də ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramı həyata keçirilib. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub. O cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub. Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub”, - deyə o, qeyd edib.

“Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sizin müvafiq Fərmanınızın icrası olaraq son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur.

Onu da demək istərdim ki, yerli gəlirlərlə xərclər arasında da müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Artıq ölkəmizin 42 şəhəri və rayonu öz gəlirləri hesabına öz xərclərini təmin etmək iqtidarındadır. Yerdə qalan rayonların xərcləri ilə gəlirləri arasında kəsirin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiyaların verilməsi davam etdiriləcək”, - deyə maliyyə naziri bildirib.

“Xüsusi olaraq qeyd etmək istərdim ki, kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə növbəti ilin büdcəsində də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək. Bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq. Hesab edirik ki, ötən il pandemiyaya qarşı mübarizə tədbirləri həm səhiyyə sahəsində, həm də sosial-iqtisadi sahədə uğurla həyata keçirilmiş və prinsip etibarilə onun kəskin fəsadları aradan qaldırılmışdır. Artıq dünyada, o cümlədən ölkəmizdə də optimizm artmaqdadır. Sizin tapşırıqlarınızın icrası olaraq peyvəndin əldə edilməsi, sözsüz ki, ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir. Bununla bağlı dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq vəsaitlər də inkişafı təmin etmək üçün öz rolunu oynayacaq”, - deyə S.Şərifov əlavə edib.

Bölmədən olan bütün xəbərlər