Büdcə
103

Mikayıl Cabbarov: “Bu il iqtisadi artım tempini 3,4% planlaşdırırıq”

Mikayıl Cabbarov: “Bu il iqtisadi artım tempini 3,4% planlaşdırırıq”

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı konsepsiyası hazırlanıb”.

“Renkinq” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və ötən  ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Konsepsiyanın hazırlanması və müzakirəsi prosesində İqtisadi Şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

Tapşırığınıza uyğun olaraq, hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və Sizin göstərişinizlə artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə yol-nəqliyyat, kommunal infrastrukturu, ənənəvi və alternativ enerji istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi və sair sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur”, - deyə o, qeyd edib.

“Onu da qeyd etməliyəm ki, 2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir. Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1,7-2% arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4% planlaşdırırıq”, - deyə iqtisadiyyat naziri əlavə edib.

“Qarabağa dəymiş ziyanın hesablanması planlaşdırılması və metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil edilib. Məhz gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda qururuq. Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Dövlət Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir.

Bizim dağ-mədən yataqlarının istismarından, daha doğrusu dəyən zərərin qiymətləndirilməsində biz xeyli irəliləmişik. Bu fəaliyyəti artıq bir neçə ildir ki, Sizin göstərişinizə uyğun olaraq həyata keçiririk və hazırda sadəcə, dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir.

Son olaraq onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə müvafiq məruzələri edəcəyik”, - deyə M.Cabbarov əlavə edib.

Bölmədən olan bütün xəbərlər