Büdcə
115

İlham Əliyev: “Ötən il Azərbaycan iqtisadiyyatı 4%-dən bir qədər çox azalıb”

İlham Əliyev: “Ötən il Azərbaycan iqtisadiyyatı 4%-dən bir qədər çox azalıb”

“2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb”.

“Renkinq” xəbər verir ki, bunu Prezident İlham Əliyev, onun sədrliyi ilə keçirilmiş və ötən  ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Bizim iqtisadiyyatımız 4%-dən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11%-dən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11%-dən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”, - deyə o, qeyd edib.

“Kənd təsərrüfatı 2% artıb və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq. Orta əmək haqqı və orta pensiya təqribən 13-14% artıbdır. Dövlət Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5%z artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik”, - deyə dövlət başçısı bildirib.

“İlin sonunda - dekabrın 31-də daha bir şad xəbər gəldi, Cənub Qaz Dəhlizi tam istismara verilib. Onun son seqmenti olan TAP istismara verilib. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir–birinə bağlı olan 3 500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz–2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”, - deyə İ.Əliyev əlavə edib.

“Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma, eyni zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Giriş sözümün sonunda beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının “Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”, - deyə o, vurğulayıb.

“Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir”, - deyə dövlət başçısı qeyd edib.

“Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”, - deyə İ.Əliyev bildirib.

Bölmədən olan bütün xəbərlər