Bankçılıq
166

Azərbaycan Mərkəzi Bankı gələn ilə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı gələn ilə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini açıqlayıb

2021-ci ilin pul və maliyyə sabitliyi siyasəti dünyada iqtisadi aktivliyin, qlobal əmtəə və maliyyə bazarlarındakı vəziyyətin perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin yüksək olduğu bir şəraitdə formalaşdırılır.

“Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) gələn il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, bövbəti ildə də pandemiya ayrı-ayrı ölkələrin iqtisadi dayanıqlıq potensialını sınağa çəkəcək. Risklər başlıca olaraq epidemioloji vəziyyətlə əlaqədar olmaqla xarici və daxili mühitə təsir potensialını saxlayır.

Digər tərəfdən Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə aşağı neft gəlirlərinə uyğunlaşması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və qayıdış işlərinin reallaşdırılması, habelə ölkədə növbəti 10 ildə ikiqat artıma yönələn yeni inkişaf strategiyasının sürətlə realizasiyası ilə bağlı böyük çağırışlar formalaşıb. Belə bir şəraitdə 2021-ci ildə makroiqtisadi və maliyyə sektorunun stabilliyinin qorunması makroiqtisadi və makroprudensial siyasətlərin əsasını təşkil edəcək.

AMB makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə pandemiyadan təsirlənən iqtisadi artımın dayanıqlı əsaslarla bərpa edilməsinə dəstək verəcək. Pul siyasəti növbəti ildə də qiymət sabitliyinə fokuslaşmaqla dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaq. Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər davam etdiriləcək.

AMB özünün pul siyasətini növbəti ildə də qlobal və daxili iqtisadi meyillər üzrə proqnozları nəzərə almaqla həyata keçirəcək. Qüvvədə qalan epidemioloji risklər və dünya iqtisadiyyatındaki ümumi qeyri-müəyyənlik 2021-ci ildə bərpa prosesinin tədrici olacağını göstərir. Ölkələrin və iqtisadi sahələrin adaptasiya imkanlarının fərqliliyi, eləcə də dəyişilmiş mühit şəraitində yeni biznes modellərinin axtarılması da bərpaya təsir edən amil olacaq. BVF-nin cari ilin oktyabrında açıqladığı proqnozlara görə, 2021-ci ildə qlobal iqtisadi artım 5,2% olacaq. İnkişaf etmiş ölkələr üzrə 3,9%, inkişaf etməkdə olan ölkələr üzrə 6% iqtisadi artım proqnozlaşdırılır. COVID-19 əleyhinə vaksinasiya prosesinin artıq başlaması bu proqnozların reallaşması ilə bağlı nikbinlik yaradır.

İqtisadi aktivliyi dəstəkləmək üçün növbəti ildə də aparıcı ölkələrdə fiskal və monetar siyasətlərin stimullaşdırıcı imkanlarından istifadə ediləcəyi gözlənilir. Dünyanın başlıca güc mərkəzlərində mərkəzi bankların kəmiyyət yumşaldılması siyasətlərinin davam etdiriləcəyi ehtimalı yüksəkdir. Aşağı faiz dərəcələri mühitinin bütün ilboyu davam edəcəyi gözlənilir.

Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın 2021-ci ildə 5% təşkil edəcəyi gözlənilir. Mövcud qeyri-müəyyənliklər şəraitində tərəfdaş ölkələrin maliyyə bazarlarında yeni kəskin dəyişkənliklər dalğası istisna olunmur.

Qlobal əmtəə bazarları ilə bağlı da qeyri-müəyyənliklər yüksək olaraq qalır. Müxtəlif əmtəələr üzrə dünya qiymətlərinin fərqli istiqamətlərdə dəyişməsi istisna edilmir.

Son vaxtlarda müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərib. Yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir. Qeyd olunanları nəzərə alaraq bir sıra analitik mərkəzlər dekabrda 2021-ci ilə neft qiyməti proqnozunu artırmaq istiqamətində dəyişmişlər. Başlıca analitik mərkəzlər üzrə 2021-ci ilə konsensus qiymət 1 barelə görə 48 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bununla belə təklifin artımının qiymət artımını məhdudlaşdıracağı gözlənilir. Digər tərəfdən pandemiyanın texnoloji innovasiyalara verdiyi təkan da nəzərə alınmaqla neft məhsullarına tələbdə uzunmüddətli azalma meyilinin davam edəcəyi ehtimal olunur.

Pandemiya ilə bağlı təklifin azalması şəraitində dünya ərzaq qiymətlərində cari ildə başlanmış bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Dünya Bankının proqnozlarına görə 2021-ci ildə qiymətlərin kənd təsərrüfatı məhsulları üzrə 1,4% artacağı gözlənilir.

Qlobal iqtisadi aktivlikdə bərpa qlobal ticarətin də bərpasına müsbət təsir edəcək. Ümumdünya Ticarət Təşkilatının proqnozuna görə, 2021-ci ildə qlobal ticarətin artım tempi 7,2% təşkil edəcək.

Baza ssenari üzrə proqnozlar növbəti ildə Azərbaycanda xarici və daxili balans göstəricilərinin 2020-ci ilə nəzərən yaxşılaşacağını göstərir.

2021-ci ildə pandemiya ilə vəziyyət, neftin dünya bazarında qiymətinin dinamikası, OPEC++ anlaşmasının perspektivləri, ticarət tərəfdaşlarında gedən proseslər, idxalın dinamikası, Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaq.

2021-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3,4%, o cümlədən qeyri-neft sektoru üzrə 3,1% olacağı gözlənilir. Xarici tələbin bərpası prosesinin başlanması, eləcə də təxirə salınmış tələb hesabına daxili tələbin bərpası iqtisadi artımın bərpası proqnozunun əsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildə iqtisadi artımın öz potensialına yaxınlaşmasına şərait yaradan əsas amillərdən biri olacaq. Kontr-tsiklik makroiqtisadi siyasət və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması da 2021-ci ildə iqtisadi artımın əsas drayverlərini canlandıracaq. Təqdim edilmiş büdcə layihəsinə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3,8%, o cümlədən əsaslı xərclərin 7,9% artırılacağı proqnozlaşdırılır. Növbəti ildə "fiskal fəza”dan kontr-tsiklik olaraq istifadə olunması makroiqtisadi sabitliyin qorunması baxımından da əhəmiyyətlidir. Ortamüddətli dövrə isə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla yeni makrofiskal çərçivəyə keçid diqqətdə saxlanılmalıdır. Bundan başqa, dövlət büdcəsi kəsirinin mümkün qədər azaldılması və onun dayanıqlı qeyri-inflyasyon mənbələrlə maliyyələşdirilməsi fiskal prioritetlərdən olmalıdır.

2021-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaq.

Gələn il də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcək. İnflyasiyaya təsir imkanlarını gücləndirmək istiqamətində islahatlar davam etdiriləcək.

2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcək. Əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcək.

Pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaq. İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaq. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcək. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaq.

Digər lövbər olan pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər nəzərə alınmaqla tənzimlənəcək.

Hədəflərə nail olmaq üçün perspektivdə də AMB bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, verdiyi siyasət qərarlarının ardıcıllığı və effektivliyini diqqətdə saxlayacaq. Pul siyasəti alətləri üzrə kəmiyyət parametrləri növbəti ildə də iqtisadiyyatın likvidlik ehtiyaclarından və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq çevik tənzimlənəcək. Pul siyasətinin transmissiya effektini gücləndirmək, habelə pul bazarının aktivləşməsini və gəlirlik əyrisinin formalaşmasını dəstəkləmək üçün əməliyyat prosedurlarının təkmilləşdirilməsi davam etdiriləcək.

Faiz dəhlizinin parametrləri haqda qərarlar makroiqtisadi proqnozlar və risk balansı nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaq. 2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində artım və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaq. Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcək.

Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəfdə saxlanılması növbəti ildə də əhəmiyyətli dərəcədə iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiyadan asılı olacaq. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.

AMB inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2021-ci ildə də davam etdirəcək. Pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, transmissiyada faiz kanalının gücləndirilməsi şərtlərinin realizasiyası xüsusi diqqətdə saxlanılacaq. Yeni bank qanunvericiliyi də AMB-nin bütün istiqamətlərdə fəaliyyətinin institusional əsaslarını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymət sabitliyinə təsirini gücləndirəcək.

Effektiv kommunikasiya və şəffaflığın yüksəldilməsi 2021-ci ildə də diqqətdə saxlanılacaq. Kommunikasiyada məqsəd iqtisadi subyektlərdə adekvat gözləntilər formalaşdırmaqla onların davranışına təsir göstərməkdən ibarət olacaq. 2021-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq AMB-nin hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc ediləcək, müntəzəm mətbuat konfransları keçiriləcək. Beynəlxalq səviyyədə mərkəzi banklar üçün qəbul edilmiş şəffaflıq prinsiplərinin tam tətbiqi istiqamətində səylər gücləndiriləcək.

2021-ci ildə maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcək. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu daha da yüksəltməlidir.

Maliyyə sabitliyinin qorunması istiqamətində, ilk növbədə, bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi davam etdiriləcək. Prudensial tənzimləmə çərçivəsi sistem risklərinin önləyici qaydada aşkar edilməsinə və preventiv tədbirlərin görülməsinə imkan verəcək. Kredit təşkilatlarının risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi, banklarda korporativ idarəetmə standartlarının tətbiqi üzrə səylər gücləndiriləcək. Beynəlxalq standartlara uyğun requlyativ çərçivə və banklarda təkmil risk idarəetməsi sektorun sağlamlığını dəstəkləyəcək.

Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair yeni strategiyanın 2021-ci ildə reallaşdırılması bank sektoruna etimadı qoruyacaq. Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdirilməsilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə tətbiq olunan requlyativ güzəştlərin zərurət olduqda vaxtının uzadılması və vəziyyətdən asılı olaraq modifikasiyası diqqətdə saxlanılacaq. Bu tədbirlər borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyətinə istiqamətlənəcək.

Maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcək. Bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaq. Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcək.

Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaq. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaq.

İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaq.

Maliyyə inklüzivliyinin genişlənməsi məqsədilə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və "fintex”lərdən istifadə təşviq ediləcək. Növbəti ildə də nağdsız ödəniş infrastrukturundan istifadə imkanlarının genişləndirilməsi və banklar tərəfindən innovativ ödəniş alətlərinin tətbiqi diqqətdə saxlanılacaq.

Sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaq. Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaq. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcək.

Kapital bazarının inkişafına dair tədbirlər müvafiq strategiya çərçivəsində hüquqi bazanın təkmilləşdirilməsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması və nəzarət çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Kapital bazarında hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində sekyuritizasiya prosesi, törəmə maliyyə alətləri və repo bazarı üzrə beynəlxalq standartlara uyğun requlyativ çərçivəsinin yaradılması, eləcə də maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi və beləliklə də bazarda yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə kapital bazarının dərinliyinin artırılmasına dəstək olacaq. Kapital bazarında əməliyyat mühitinin təkmilləşdirilməsi üzrə müasir standartlara cavab verən mərkəzləşdirilmiş ticarət sisteminin qurulması, eyni zamanda qiymətli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrə görüləcək işlər emitentlərin və investorların bazara çıxış imkanının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edəcək.

Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcək. "McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaq. Maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanılıb. Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına start verilib.

Maliyyə sektorunun başlıca ekosistem problemlərinin həlli üçün hökumətlə sıx koordinasiya təmin olunacaq. İqtisadi dövriyyənin ağardılması, makro-fiskal çərçivənin dayanıqlığının gücləndirilməsi, rəqabət mühitinin yaxşılaşdırılması və s. istiqamətlərdə islahatlar maliyyə sektorunun da fəaliyyətinə müsbət təsir edəcək.

Bölmədən olan bütün xəbərlər