İnvestisiya
123

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu artırıb

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu artırıb

Bu ilin sentyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu avqust ayına nisbətən 105 milyon dollar və yaxud 1,8% artıraraq 5,858 milyard dollardan 5,963 milyard dollara çatdırıb.

“Renkinq” "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, ay ərzində Rusiya uzunmüddətli istiqrazlara investisiyaları 756 milyon dollar və yaxud 28,4% artıraraq 3,413 milyard dollara çatdırıb, qısamüddətli istiqrazlara investisiyaları isə 651 milyon dollar və yaxud 20,3% azaldaraq 2,550 milyard dollara endirib.

Bununla belə, əvvəlki illərlə müqayisədə Rusiyanın ABŞ-a "verdiyi borc"un məbləğində kəskin azalma var. Məsələn, 2013-cü ildə bu rəqəm 150 milyard dollardan çox olub, tədricən isə azaldılıb. 2018-ci ilin aprel ayında Rusiyaya qarşı tətbiq olunmuş sərt sanksiyalar fonunda ABŞ-ın dövlət istiqrazlarına investisiyalar təxminən 2 dəfə azaldılaraq 96,1 milyard dollardan 48,7 milyard dollara, həmin ilin may ayında isə 14,9 milyard dollara endirilib. Bununla, Rusiya ABŞ-ın dövlət səviyyəsində ən çox borc aldığı 33 ölkənin siyahısını tərk edib.

Bu il oktyabrın 1-nə ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşu üzrə lider ölkə Yaponiya olub. Onun ABŞ-a "borc"u sentyabr ayında 2,2 milyard dollar və yaxud 0,2% azalaraq 1 276,2 milyard dollara düşüb. Borc siyahısında II yerdə qərarlaşmış Çinin sözügedən istiqrazlara investisiyaları isə 6,3 milyard dollar və yaxud 4,1% azaldaraq 1 061,7 milyard dollar olub. III yeri isə 428,9 milyard dollarla Böyük Britaniya tutub.

Hesabat ayında qeyri-rezidentlərin ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 12,2 milyard dollar və yaxud 0,2% azalaraq 7 071 milyard dollar təşkil edib ki, bunun da 4 199,5 milyard dolları xarici ölkələrin hökumətlərinə və yaxud mərkəzi banklarına məxsus olub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər