İnvestisiya
214

“Ferrum Kapital”ın istiqrazlarına 6 investor maraq göstərib

“Ferrum Kapital”ın istiqrazlarına 6 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - “Ferrum Kapital” MMC-nin 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Renkinq”ə BFB-dən bildirilib.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd istiqrazdan gedir.

Hərraca 6 investor 6 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,5 milyon manat təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Proses rəqabətli hərrac üsulu ilə baş tutub. Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).

Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.

Bölmədən olan bütün xəbərlər