İnvestisiya
165

"Ferrum Kapital"ın istiqrazları üçün hərracın tarixi açıqlanıb

Oktyabrın 9-da “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital" MMC-nin 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Renkinq"ə BFB-dən bildirilib.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).

Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.

Bölmədən olan bütün xəbərlər