Bankçılıq
312

Baş Prokurorluq: "Access Bank"a ziyan vurulub

Baş Prokurorluq:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaş müraciəti əsasında toplanmış materiallarla “AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi “Access Bank” QSC-nin “Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində kredit vəsaitini qanunsuz götürərək, Banka külli miqdarda ziyan vurmasına,  kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, Bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edib.

"Renkinq" xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, araşdırmalarla, M.Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən olunub. 

Qeyd edilən qanunsuz hərəkətlərə görə M. Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Bölmədən olan bütün xəbərlər