Büdcə
169

Əli Əsədov: "Büdcə təşkilatları izafi xərclərə yol verir"

Əli Əsədov:

"Koronavirus pandemiyası nəticəsində qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyata təsirsiz ötüşməyib və  iqtisadi fəallığın azalmasına səbəb olub". 

"Renkinq" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu baş nazir Əli Əsədov bildirib.

Hökumət başçısı dövlət büdcəsi vəsaitlərindən səmərəli və qənaətlə istifadənin vacibliyini vurğulayıb: "Büdcə təşkilatları cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə etməlidir. Onlar bir cox hallarda izafi xərclərə yol verir, ştat vahidlərinin sayını artırır, lazım olmayan alışlar həyata keçirir, satınalmalarda qiymətləri olduğundan çox yüksək göstərir. Həmçinin, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarəti daha da gücləndirməlidir. Eyni zamanda prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və  gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”. 

Bölmədən olan bütün xəbərlər