İnvestisiya
112

“AzerGold”un istiqrazları listinqə daxil edilib

“AzerGold”un istiqrazları listinqə daxil edilib

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin istiqrazlarının I tranş üzrə buraxılan hissəsi (10 milyon ABŞ dolları dəyərində) standart bazar seqmentində listinqə daxil edilib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü əvvəlcədən Birjanın internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, “AzerGold” ümumilikdə 20 milyon dollar dəyərində faizli, təminatsız, sənədsiz, adlı istiqraz yerləşdirməyi planlaşdırır. Söhbət hər birinin nominal dəyəri 100 dollar olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan bütün investisiya şirkətlərinə müraciət edə bilərlər.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Bölmədən olan bütün xəbərlər