Büdcə
128

ARDNF bu ilin II rübündə aktivlərini 2 milyard dollara yaxın artırıb

ARDNF bu ilin II rübündə aktivlərini 2 milyard dollara yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) 4 914,7 milyon manat gəlir əldə edib. 

"Renkinq" Fonda istinadən xəbər verir ki, bunun 4 130,1 milyon manatı mənfəət neftinin və qazının satışından, 767,8 milyon manatı bonus ödənişlərindən, 10,6 milyon manatı tranzitdən, 6,2 milyon manatı isə akrhesabı ödənişlərdən əldə olunub. 

Hesabat dövründə ARDNF-in xərcləri isə 5 824,8 milyon manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Fond makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarını icra edib, dövlət büdcəsinə 5 675 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140 milyon manat, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,1 milyon manat, özünün idarə edilməsinə isə 9,7 milyon manat yönəldib. 

I yarımildə koronavirus (COVID-19) pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-in valyuta aktivlərinə təsirsiz ötüşməyib. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-in məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənib. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət edib və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20% artım müşahidə olunmuşdur. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb.

Belə ki, bu ilin II rübündə ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 milyon manat olub. Rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-in büdcədənkənar gəliri kimi 1 216,1 milyon manat təşkil edib.

Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olub. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-in büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil edib.

Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon ABŞ dollarına bərabər olan ARDNF-in aktivləri iyun ayının sonuna 1 873,8 milyon dollar artaraq 43 223,3 milyon dollara bərabər olub.

Bölmədən olan bütün xəbərlər