Bankçılıq
320

ADIF-in yeni icraçı direktoru ilk mətbuat konfransını keçirib

ADIF-in yeni icraçı direktoru ilk mətbuat konfransını keçirib

Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni təyin edilmiş icraçı direktoru Tural Piriyev ilk mətbuat konfrasını keçirib.

“Renkinq” xəbər verir ki, tədbirdə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin aprel-may aylarında lisenziyalarını ləğv etdiyi və Fondun nəzarətinə verilmiş 4 bankdakı (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) son vəziyyət barədə məlumat verilib.

T.Piriyev bildirib ki, məlum banklardakı sığortalı əmanətçilərin yekun sayı 74,1 min nəfər, əmanətlərin yekun məbləği isə 670,7 milyon manat təşkil edir: “Amrah Bank”da 17 min əmanətçinin 144,9 milyon manat, “Atabank”da 25,6 min əmanətçinin 254,4 milyon manat, “AGBank”da 22,8 min əmanətçinin 134,2 milyon manat, “NBC Bank”da isə 8,7 min əmanətçinin 134,2 milyon manat əmanəti var. İndiyə qədər 4 bank üzrə 7,5 min əmanətçiyə 83,9 milyon manat ödəniş edilib”. 

Onun sözlərinə görə, tənzimləyici qurum vaxtilə bəzi banklara əmanət qəbulunu qadağan etsə də, onlar vətəndaşlardan əmanət qəbul etməyə davam ediblər: “Hazırda vətəndaşların haqlı narazılığını müşahidə edirik. Çünki, qanunsuz qəbul edilmiş əmanətlər müvəqqəti bloklanır. Həmin əmanətlərlə bağlı araşdırma aparıb, onları blokdan çıxarmağa çalışacağıq. Əgər bu mümkün olmasa, Konstitusiya Məhkəməsinə müraciət etməklə qeyri-qanuni qəbul edilmiş əmanətləri qaytarmağa, bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq”, - deyə o, qeyd edib. 

"Bloklanmış əmanətlərin məbləği "AGBank"da 49,2 milyon manat, "NBC Bank"da 12,8 milyon manat, digər banklarda isə azdır. Onu da deyim ki, 4 bankda təxminən 100 sığortasız əmanətçi də var. Onların sayı “AGBank”da 30, “Amrah Bank”da 21, “Atabank”da 26, “NBC Bank”da da elə təxminən bu qədərdir”, - deyə T.Piriyev əlavə edib. 

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan hər hansı birinə əmanət qəbulunun qadağan edilməsi barədə Fondda məlumat yoxdur: “Bu məsələ ilə bağlı tənzimləyici quruma – AMB-yə müraciət edilsə daha düzgün olar, amma yəgin ki, əmanət qəbulu qadağan edilmiş banklar geniş ictimaiyyətə açıqlana bilməz və yəgin ki, açıqlanmayacaq. Banka müvəqqəti məhdudiyyətin qoyulması hələ onun pis vəziyyətdə olması demək deyil. Ola bilər ki, müəyyən problemlər var və onlar həll edildikdən sonra bank normal fəaliyyətini davam etdirərək yenə də əmanət qəbul edə bilər. Amma bu qadağa geniş kütləyə çatdırılsa tamamilə fərqli effekt verə bilər, insanlar məsələnin iqtisadi tərəflərini araşdırmadan gedib əmanətlərini geri çəkə bilərlər. Amma yaxşı olar ki, hər hansı banka əmanət qəbuluna qadağa qoyulursa, bu barədə ADIF-ə məlumat verilərdi, biz bunu öz sistemimizdə görə biləydik”.

Fond rəhbəri həmçinin bildirib ki, 4 məlum bankın ümumi kredit portfeli 1 017 milyon manatdır: “Amrah Bank” 123,6 milyon manat, “Atabank” 414,4 milyon manat, “NBC Bank" 173,5 milyon manat, “AGBank” isə 305,4 milyon manat kredir portfelinə malikdir”.
“Əgər bir şəxsin bağlanmış bankda 10 min manat depoziti və 6 min manat krediti varsa, bunlar əvəzləşdirilir və vətəndaşa 4 min manat geri qayrarılır. Bu günə qədər bu cür hallarla bağlı agent-banklara müraciət edilib və məsələlər həll olunub, heç bir problem yaranmayıb”, - deyə icraçı direktor qeyd edib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum hazırda 21 bankın ləğv edilməsi ilə məşğuldur: “Bu bankların bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir. Bunun 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur. Kredit portfelinin 58%-i təminatsızdır. Bununla belə, onların bir qismi üzrə ödəniş edilir. Kreditini qaytarmaqda çətinlik çəkən müştərilərlə görüş keçirilir, onların borcunun restrukturizasiya edilməsi istiqamətində tədbirlər görülür”.

İcraçı direktor Azərbaycanda hüquqi şəxslərin və fərdi sahibkarların banklardakı depozitlərinin sığortalanması ehtimalı barədə də danışıb və deyib ki, bu məsələ hələ ki, gündəmdə deyil, onunla bağlı hər hansı müzakirə aparılmayıb: “Hazırda diqqət daha çox fiziki şəxslərin əmanətlərinin sığortalanmasına yönəlib. Çünki bu, bir sosial layihədir”.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər