Bankçılıq
234

Avropa Yenidənqurma və İnkişaf Bankı "Unibank"dakı payını satıb

Avropa Yenidənqurma və İnkişaf Bankı

"Unibank" ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) payını digər səhmdara - Bankın Müşahidə Şurasının sədri Eldar Qəribova satıb. 

"Renkinq" bu barədə Banka istinadən xəbər verir. 

Beləliklə, E.Qəribovun payı 77,4%-dən 86,4%-ə yüksəlib. 

“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov rəhbərlik etdiyi maliyyə qurumunun AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu, 2003-cü ildən bəri birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi AYİB-in Bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. AYİB uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın nizamnamə kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Onun dəstəyi nəticəsində "Unibank" bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyə qədər “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duarte isə bildirib ki, “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycanın bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. O, vurğulayıb ki, AYİB “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib: "2003-cü ildən AYİB və "Unibank" birlikdə uzun və səmərəli bir yol keçiblər, gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək". 

Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.

"AYİB ilə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək" - deyə Azərbaycan bankının açıqlamasında qeyd olunub. 

Bölmədən olan bütün xəbərlər