Büdcə
114

Azərbaycanın xidmətlər balansının kəsiri 65% artıb

Azərbaycanın xidmətlər balansının kəsiri 65% artıb

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ümumi qalığı 646,3 milyon ABŞ dolları təşkil edib.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% azdır.

O cümlədən neft-qaz sektoru üzrə CƏB qalığı 19,2% azalaraq 2,4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 28,4% artaraq 1,8 milyard dollar təşkil edib. Göründüyü kimi, CƏB üzrə ümumi qalıq neft-qaz sektorunun, o cümlədən xarici ticarət balansının qalığının hesabına formalaşıb. Amma bu göstərici son 1 ildə 24,7% azalaraq 1 873,1 milyon dollara düşüb.

Xidmətlər balansı

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 2,2 milyard dollar təşkil edib. Bunun 1,5 milyard dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 0,7 milyard dollar isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 65,2% artaraq 826,5 milyon dollara çatıb.

O cümlədən neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634,3 milyon dollar, qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 192,2 milyon dollar olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 681 milyon dollar olan nəqliyyat xidmətlərinin 43,3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 295 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 386 milyon dollar təşkil edib.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 0,2% azalıb, idxalı isə 44,7% artıb. Nəticədə bu maddə üzrə kəsir 5,4 dəfə artaraq 146 milyon dollar təşkil edib.

Son 1 ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 milyon dollar olub. I rübdə turizm xidmətləri üzrə idxalın (281,7 milyon dollar) ixracı (267,4 milyon dollar) üstələməsi nəticəsində 14,3 milyon dollar (illik müqayisədə 2,3 dəfə çox azalma) kəsir yaranıb. Hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə göstərdiyi turizm xidmətlərinin 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşüb. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3,1 dəfə azalaraq 5,4 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 1,6 dəfə azalaraq 140,3 milyon dollar olub.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 566,5 milyon dollar kəsir, qeyri-neft sektoru üzrə isə 109,7 milyon dollar qalıq olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 11,2% azalaraq 456,8 milyon dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Bunun 71,5%-i (759,1 milyon dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (407,1 milyon dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (169,5 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (88,7 milyon dollar) və digər ödənişlər (93,8 milyon dollar) təşkil edir.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 356,9 milyon dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 206,7 milyon dollar, ödənişlər isə 150,2 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,8%-i isə digər daxilolmalar olub. Ölkəyə göndərilən pul baratlarının məbləği 12,6% azalaraq 188 milyon dollar, ölkədən çıxarılan pul baratlarının məbləği isə 37% artaraq 122,3 milyon dollar təşkil edib. Nəticədə pul baratları üzrə 65,6 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 56,5 milyon dollar (2,4 dəfə azalma) təşkil edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər