Büdcə
119

Azərbaycanda illik inflyasiya 2,9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 2,9%-ə düşüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 102,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.

"Renkinq" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ayrıca may ayında istehlak qiymətləri indeksi isə aprel ayı ilə müqayisədə 99,5%, ötən ilin may ayına nisbətən isə 102,9% olub.

Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,7%, ötən ilin may ayına nisbətən isə 105,7% faiz təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, artım isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş vermyib.

Ay ərzində qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,1%, ötən ilin may ayına nisbətən isə 101,4% təşkil edib.  Ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturacaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, azalma isə əsasən kəsilmiş taxtaların, sementin, elektrik çaydanlarının, mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100%, əvvəlki ilin may ayına nisbətən isə 100,4% təşkil edib.

Bölmədən olan bütün xəbərlər