Sığorta
151

"Standard İnsurance"in lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu günki qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti ASC kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib, şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. 

"Renkinq" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, qanunvericiliyə uyğun olaraq “Standard Insurance”in idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılmış və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilib. 

"Standard Insurance”in maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib. Ölkə prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra AMB sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb. Qiymətləndirmə çərçivəsində şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin, səhmdarlar kapitalın tam bərpası üçün konkret plan təqdim etməyib. “Standard Insurance”in səmərəlilik göstəriciləri də xeyli aşağıdır və şirkət son iki ili zərərlə başa vurub.

Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.

AMB sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib.

Bölmədən olan bütün xəbərlər