İnvestisiya
368

Azərbaycanda kapital bazarı iştirakçılarına güzəştlər ediləcək

Azərbaycanda kapital bazarı iştirakçılarına güzəştlər ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) pandemiyanın kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində tədbirlər görəcək.

"Renkinq" xəbər verir ki, bu barədə qurumun, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində, Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi qərarda bildirilir.

Qərara əsasən, investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi müddəti 1 yanvar 2021-ci ilə qədər, şirkətlərin və "Bakı Fond Birjası" QSC-nin (BFB) illik audit hesabatlarını açıqlaması müddəti isə 30 sentyabr 2020-ci ilə qədər uzadılacaq. Bununla yanaşı, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlərin hesabatlarını açıqlaması müddəti də 1 ay müddətinə uzadılıb.  

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilə qədər investorlardan tutulmaması, BFB-yə isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərinin 1 yanvar 2021-ci ilə qədər tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının tənzimləyici yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşdırılmasına və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasına imkan verəcək.

Bölmədən olan bütün xəbərlər