Bankçılıq
143

Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

"Renkinq" bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, onlayn rejimdə keçirilən iclasda Şurada təmsil olunan Azərbaycan Sahibkarlar Konfederasiyasının, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin və bankların nümayəndələri, eləcə də sahibkarlar iştirak edib. İclasın başlıca məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində sahibkarların üzləşdiyi çətinliklər və vəziyyətdən çıxış üzrə bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olub.

AMB-nin sədri Elman Rüstəmov iclasda çıxış edərək ilk öncə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyatımıza təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danış;b. O qeyd edib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır. Makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta - manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur. Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendləri başlayıb. 

E.Rüstəmovun sözlərinə görə, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir. Yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.

Sonra, baş bankir sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə keçirilən əvvəlki görüşün nəticələrinə toxunaraq bildirib ki, ötən görüşdə biznes subyektlərinin qaldırdığı məsələlərin əksəriyyəti artıq öz həllini tapıb. Belə ki, idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması həyata keçirilib, çeklərlə hesablaşmaların aparılması sisteminin Azərbaycana gətirilməsi istiqamətində Şura çərçivəsində əhəmiyyətli işlər görülüb. Prezidentin çağırışlarına cavab olaraq maliyyə sektoru ilə real sektorun əlaqələrinin genişləndirilməsi, kənd yerlərində girovsuz kreditlərin verilməsi, özünəməşğulluq proqramına dəstək istiqamətində fəal iş aparılır.

E.Rüstəmovun giriş nitqindən sonra iclas iştirakçıları gündəlikdə duran məsələlərin müzakirəsinə dəvət edilib. Bildirilib ki, məhz ötən görüşün müsbət nəticələri bir daha sübut edir ki, sahibkarlarla maliyyə-bank sektoru arasında AMB-nin təşəbbüsü ilə aparılmış dialoq mühüm əhəmiyyətə malikdir. Aparılan fəal dialoq sahibkarlıq subyektlərinin maliyyə bank xidmətlərinə çıxışının yaxşılaşdırılmasına şərait yaratmaqla sahibkarlarda real makroiqtisadi vəziyyətin düzgün qiymətləndirilməsinə və sahibkarlıq fəaliyyətinin, ölkədə istehsal və xidmət sahələrinin inkişafına, üzləşdikləri problemlərin operativ həllinə mühüm töhfə verməkdədir.

Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər, bu istiqamətdə sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılıb. Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndiriblər. 

E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün faydalı olduğunu qeyd edib. O, bildirib ki, iclasda qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərərfli öyrəniləcək və həmin istiqamətlər üzrə birgə iş aparılacaq.

Bölmədən olan bütün xəbərlər