İnvestisiya
148

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7% artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 milyon manat vəsait yönəldilib. 

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

3 aylıq investisiya qoyuluşunun 1 442,6 milyon manatı neft-qaz sektorunun, 1 486,8 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə müvafiq olaraq 29,3% çox və 9,1% azdır. 

İstifadə olunmuş vəsaitin 2 021 milyon manatı və yaxud 69%-iməhsul istehsalı sahələrinə, 619,7 milyon manatı və yaxud 21,1%-i xidmət sahələrinə, 288,7 milyon manatı və yaxud 9,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 milyon manatını və yaxud 58,2%-ni daxili vəsaitlər təşkil edib, 1 684,3 milyon manatı və yaxud 57,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9%, büdcə vəsaitləri 17,7%, əhalinin şəxsi vəsaitləri 6,4%, bank kreditləri 4,5%, sair vəsaitlər 2,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8% təşkil edib.

I rübdə Bakıda “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan MR-da ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Goranboy və Qazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 

Bölmədən olan bütün xəbərlər