Qeyri-bankçılıq
163

Azərbaycan BOKT-ları aqrar risklərin qiymətləndirilməsi alətindən istifadə etməyə başlayıb

Azərbaycan BOKT-ları aqrar risklərin qiymətləndirilməsi alətindən istifadə etməyə başlayıb

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

"Renkinq" xəbər verir ki, saziş çərçivəsində AMFA-ya üzv bank olmayan kredit təşkilatları (BOKT) kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaqlar.

Xüsusilə də AMFA üzvləri BMK-nın CLARA - Pul vəsaitlərinin axınına əsaslanan aqrar risklərin qiymətləndirilməsi alətindən istifadə edə biləcəklər ki, bu da kreditləşdirmə prosesini avtomatlaşdırmaqla, fermerlərin maliyyəyə daha rahat çıxışını təmin edir.

CLARA - banklar, BOKT-lar və fermerləri kreditlə təmin edən digər kənd təsərrüfatı dəyər zənciri iştirakçıları üçün nəzərdə tutulmuş internet üzərindən işləyən proqram təminatıdır. Alət istifadəçiyə kənd təsərrüfatı üzrə likvidliyinproqnozlaşdırılması, bençmarkinq, çevik fərziyyələrin formalaşdırılması və maliyyə təhlili üçün alətlər dəsti kimi bir sıra seçimlər təqdim etməklə, kənd təsərrüfatı kreditləri üzrə risk qiymətləndirməsini asanlaşdırır, keyfiyyətini artırır və sürətləndirir. Sistemi BMK hazırlayıb və onun mülkiyyətidir. Azərbaycanda həyata keçirilən işlər BMK-nın İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə icra etdiyi “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsinin nəticəsidir.

Bu alətdən istifadə imkanı yaratmaqla yanaşı, BMK CLARA-ya qoşulan BOKT-lar üçün onların müvafiq ehtiyaclarınınəzərə almaqla, alətdən necə ən yaxşı şəkildə istifadə etməyi öyrədən seminarlar təşkil edir. AMFA-nın törəmə şirkəti olan “Finance and Social Innovation Consulting” MMC BOKT-larə müvafiq texniki dəstəyi təmin edir. Azərbaycanda mikromaliyyə təşkilatlarının kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində daha dərin biliklərə ehtiyacının olduğunu nəzərə alaraq, CLARA mikro və kiçik aqrobizneslərin maliyyəyə çıxışını təkmilləşdirməyə kömək edəcək.

Hazırda CLARA bostan məhsulları, tərəvəzlər, giləmeyvələr, dənli bitkilər də daxil olmaqla 50-yə yaxın bitki növünə və heyvandarlığa tətbiq edilə bilir. Alət yerli bazara uyğunlaşdırılmaqla, Azərbaycanda bütün kənd təsərrüfatı sektoru üzrə kənd təsərrüfatı ilə məşğul olan müştərilərin kredit riskinin çevik, standartlaşdırılmış və sürətli şəkildə qiymətləndirilməsini təmin edir.

Artıq kənd təsərrüfatının kreditləşdirilməsinə diqqət ayıran aparıcı BOKT-lardən dövlətə məxsus “Aqrarkredit” QSC, eləcə də “İnkişaf üçün Maliyyə”, “Viator Mikrokredit Azərbaycan” və “Qafqaz Kredit” MMC-lər CLARA-dan faydalanmağa başlayıb.

Bölmədən olan bütün xəbərlər