İnvestisiya
157

"Bakı Fond Birjası" BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə əməkdaşlığa başlayıb

"Bakı Fond Birjası" QSC (BFB) Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupuna (UNSSE) üzv olaraq qəbul olunub.

Bu barədə “Renkinq"ə BFB-dən məlumat verilib.

Məlumata görə, 2009-cu ildə əsası qoyulmuş UNSSE-nin əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

Hazırda BFB  daxil olmaqla 96 birja Təşəbbüs Qrupuna üzvdür və bu platformada birjalar yaşıl maliyyələşmə (green finance), gender bərabərliyi, kiçik və orta sahibkarlığın inkişafı, ətraf mühit, sosial və korporativ idarəetmə hesabatlılığı kimi məsələlər üzrə mütəmadi araşdırmalar və müzakirələr aparır, öz təcrübələrini bölüşür və ən yaxşı praktikaların tətbiqi üzrə birgə çalışırlar.

BFB Təşəbbüs Qrupuna qoşulmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetmə hesabatlılığının təşkili və yerli kapital bazarlarında tətbiqi, eləcə də listinq qaydalarının bu prinsiplərə uyğunlaşdırılması kimi mövzular üzrə əməkdaşlıq etməyi və xarici birjaların təcrübəsini öyrənməyi hədəfləyir.

Bölmədən olan bütün xəbərlər