Büdcə
134

ARDNF: Aktivlərin satışına ehtiyac yoxdur

ARDNF: Aktivlərin satışına ehtiyac yoxdur

Dövlət Neft Fondunun (ARDNF) büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur.

"Renkinq" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

"Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni cür icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə ARDNF-in gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət faktorundan və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq Fondun aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, ARDNF-in xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, fərqli aylarda icra fərqli olsa da, Fondun illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə ARDNF-nin vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, Fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarlarındakı qiymət tempidir", - deyə qurum bəyan edib.

"Məlum olduğu kimi, hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş məbləğdə transfertlər həyata keçirilir və Fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı ARDNF-nin vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı “təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq Fondun vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksək keyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, ARDNF-in aktivlərinin 70%-ə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard dollara bərabərdir. Bununla yanaşı, təkcə dollarda ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard dollar məbləğində nağd vəsait Fonda daxil olacaq. ARDNF-nin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur", - deyə Fonddan bildirilib.

Bölmədən olan bütün xəbərlər