İnvestisiya
221

"Bakı Fond Birjası"nda listinq və ticarət qaydaları yenilənib

“Bakı Fond Birjası" QSC-də (BFB) "Qiymətli kağızların listinqə daxil edilməsi, listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları”nın (Listinq Qaydaları), o cümlədən “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın (Ticarət Qaydaları) yeni layihəsi ötən gün qüvvəyə minib. 

"Renkinq" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir. 

Listinq qaydalarına edilmiş dəyişikliklər nəticəsində beynəlxalq təcrübəyə uyğun bazar seqmentlərinin formalaşdırılması və listinqə daxil edilmə proseslərinin optimallaşdırılması təmin edilib. Belə ki, səhm və istiqrazların listinqi üzrə 2 seqment (əsas və standart bazar seqmentləri) müəyyən olunub, eyni zamanda alternativ bazar seqmenti ləğv edilib. BFB ilə listinq müqaviləsi olmayan və qiymətli kağızları aktiv ticarət olunmayan emitentlər delistinq edilərək listinqdən kənarlaşdırılıb və listinqdə yalnız likvid qiymətli kağızlar saxlanılıb. Yeni yanaşma gələcəkdə səhmlərlə birja indeksinin formalaşdırılmasına və səhmlərə əsaslanan törəmə maliyyə alətlərinin yaranmasına dəstək olacaq ki, bu da öz növbəsində uzunmüddətli prespektivdə həm listinqdə olan qiymətli kağızların sayının və bazar kapitalizasiyasının artmasına, habelə real sektora maliyyələşmə imkanı təqdim edən effektiv fond birjasının formalaşmasına imkan verəcək. 

Listinq qaydalarına edilən dəyişikliklər nəticəsində qiymətli kağızların BFB-də listinqə daxil edilmədən ticarətinin təşkili mümkün olacaq. Bu, qeyri-listinq siyahısında olan qiymətli kağızlarla ticarətin və qapalı yerləşdirmələrin daha sürətli və sadə şəkildə təşkilinə imkan verəcək.

Bununla yanaşı, qabaqcıl fond birjalarında oxşar təcrübələr nəzərə alınmaqla Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların buraxdığı qiymətli kağızların yerləşdirilməsi prosedurları sadələşdirilib.

Yeni listinq və ticarət qaydaları ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://bfb.az/qayda-ve-telimatlar/

Bölmədən olan bütün xəbərlər