Büdcə
209

Samir Şərifov: “Dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb”

Samir Şərifov: “Dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb”

“Bu il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin (SOCAR) və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir”.

“Renkinq” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə bildirib.

“SOCAR-ın gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3%-i səviyyəsindədir”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, bu ilin ilk 2 ayında vergi-gömrük orqanları büdcə proqnozlarını artıqlaması ilə icra edib: “Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan (ARDNF) olan transfert mühüm rol oynayır. Bu transfert də daxil olur. Yəni, hazırki büdcə qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Büdcənin icrası ilə bağlı kifayət qədər resurslar var”.

 

Bölmədən olan bütün xəbərlər