Büdcə
152

İqtisadiyyat Nazirliyi neftin ucuzlaşması ilə əlaqədar təkliflər hazırlayacaq

İqtisadiyyat Nazirliyi neftin ucuzlaşması ilə əlaqədar təkliflər hazırlayacaq

"Azərbaycan iqtisadiyyatının istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və "təhlükəsizlik yastığı” mövcuddur".

"Renkinq" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.

"Ölkənin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula (ÜDM) nisbəti 100%-i ötür, xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu ehtiyatlar 3 illik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsindən 5 dəfə, nağd manat kütləsindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunmasının və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq: "Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində Nazirliyin müvafiq strukturları Azərbaycan Mərkəzi Bankı ilə birlikdə çevik tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək".

Bölmədən olan bütün xəbərlər