Digər
369

Samir Əliyev: “İqtisadiyyatımızın neftin 30 dollardan aşağı qiymətinə qarşı immunitetinin olması fikri düz deyil”

Samir Əliyev: “İqtisadiyyatımızın neftin 30 dollardan aşağı qiymətinə qarşı immunitetinin olması fikri düz deyil”

“Azərbaycan iqtisadiyyatının neftinin hər barelinin qiymətinin 30 ABŞ dollarından aşağı həddinə qarşı immunitetinin olması ilə bağlı rəsmi şəxsin (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı) açıqlaması düz deyil”.

“Renkinq” xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.

“Rusiyanın maliyyə naziri Anton Siluanovun çıxışına əsaslanıb belə fikir yürütmək kökündən yanlışdır. Çünki bizim iqtisadiyyatlar oxşar olduğu qədər də fərqli quruluşa malikdir. Rusiyanın neftin qiymətindən və idxaldan asılılığı Azərbaycandan əhəmiyyətli dərəcədə azdır. Ən azı Rusiyada və Azərbaycanda devalvasiyanın iqtisadiyyata təsirlərini müqayisə etməklə fərqi görmək olar. Hətta A. Siluanov 30 dollarlıq qiymətin mənfi təsirini uzağı 4 il neytrallaşdırmağın mümkün olduğunu bildirib.

Manatın ikili devalvasiyasının baş verdiyi 2015-ci illə müqayisədə indi Azərbaycan hökumətinin təcrübəsi çox ola bilər. Ancaq baş verməsi gözlənilən böhran (koronavirus probleminin həlli müddətindən asılıdır) 2015-ci ilin böhranından kəskin fərqlənəcək. Burda əsas problem təkcə neftin ucuzlaşması fonunda milli valyutanın məzənnəsini qorumaqla bağlı deyil, idxaldan asılı olan Azərbaycan iqtisadiyyatının sabit məzənnə olduqda belə inflyasiyanı idxal etməsidir. Çin və İran mallarının əvəz edəcək Türkiyə, Rusiya və Avropa mallarının bahalaşması daxili bazara mənfi təsir edəcək.

Digər tərəfdən koronavirus yeni dirçəlməkdə olan turizm sektoruna zərbə vurur, bir azdan bu zərbə xidmət sektorunun digər qollarını da vuracaq. Valyuta ehtiyatlarına gəlincə, 1 ilə Azərbaycan Mərkəzi Bankının 11 milyard ABŞ dolları itirməsi kimi təcrübəmiz var. 52 milyard dollarlıq təhlükəsizlik yastığına ümid etmək olmaz. Kapitalın qorunmadığı və “kölgə iqtisadiyyatı”nın yüksək olduğu bir ölkədə kapital qaçışı da xırda qığılcımdan alovlana bilər. Buna görə də, hökumət koronavirusun dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı mənfi təsirlərin ölkə iqtisadiyyatına transferini minimuma endirmək üçün tədbirlər planı hazırlamalıdır”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər