Büdcə
130

ARDNF ötən il aktivlərini 13% artırıb

ARDNF ötən il aktivlərini 13% artırıb

2019-cu ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumata görə, il ərzində ARDNF-in neft-qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından gəlirləri 14 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat olub. Bundan başqa, Fond vəsaitinin idarə olunmasından 3 625,9 milyon manat gəlir əldə edib. Qurumun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 731,7 milyon manat təşkil edib.

Hesabat dövründə ARDNF büdcəyə 11 364,3 milyon manat transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat ayırıb. Bundan başqa, Fondun idarə edilməsinə 24,3 milyon manat xərc çəkilib.

Beləliklə, ötən il ARDNF-in aktivləri 12,5% artaraq bu il yanvarın 1-nə 43 323,3 milyon ABŞ dollarına çatıb. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. İl ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə 2018-ci ildəki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ildə müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib.

Bölmədən olan bütün xəbərlər