Digər
160

Azərbaycanda valyuta rejimi liberallaşdırılıb

Azərbaycanda valyuta rejimi liberallaşdırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla “Rezidentlərin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.

"Renkinq" bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki,dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb. 

Qərar son illər ölkənin tədiyyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib. Belə ki, hazırda tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyyə balansının formalaşmasında həlledici rol oynayıb. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaq. Məlum olduğu kimi bu ilin əvvəlində AMB-nin İH yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib. Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Bölmədən olan bütün xəbərlər