Digər
225

Azərbaycanda mühüm yeniliyin tətbiqinə başlanılır

Azərbaycanda mühüm yeniliyin tətbiqinə başlanılır

Sabahdan Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır.

"Renkinq" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Fondun bununla bağlı yaydığı məlumatda bildirilir ki, Prezident İlham Əliyevin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə quruma həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş "Elektron imza"dan (və yaxud "ASAN imza"dan) istifadə etməklə həyata keçiriləcək. "Elektron İmza"nı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və yaxud Mərkəzi Poçtdan, "ASAN İmza"nı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Bölmədən olan bütün xəbərlər