Büdcə
262

İlham Əliyev: “Azərbaycanda ötən il iqtisadi artım 2,2% olub”

İlham Əliyev: “Azərbaycanda ötən il iqtisadi artım 2,2% olub”

“2019-cu ildə Azərbaycan ümumi daxili məhsul (ÜDM) 2,2% artıb”.

“Renkinq” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanında keçirilmiş müşavirədə məlumat verib.

“Bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5%-dir. Sənaye istehsalı 1,5% artıb, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14% artıb. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaq”, - deyə o, qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, ötən il kənd təsərrüfatı təxminən 7% artıb: “Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur – 10%-dən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6%, əhalinin pul gəlirlərinmin artımı isə 7,4% olub. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artıb. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14% artıb. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirib”.

“Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artıb və rekord həddə - 51 milyard dollara çatıb. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir”, - deyə İ.Əliyev əlavə edib.

Bölmədən olan bütün xəbərlər