Büdcə
278

ARDNF 20 yaşını qeyd edir

ARDNF 20 yaşını qeyd edir

Bu gün Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd edir.

“Renkinq” xatırladır ki, Fond 29 dekabr 1999-cu il tarixində milli neft strategiyasının tərkib hissəsi kimi, neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə yaradılıb.

ARDNF fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirib, Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak edib, institusional cəhətdən yüksək inkişaf etmiş, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib.

Fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları məbləğində aktivləri olan ARDNF-in vəsaitləri bu il ilk dəfə 40 milyard dolları keçib. Bu il dekabrın 1-nə qədər Fonda 158,4 milyard dollar vəsait daxil olub ki, bunun da 151,5 milyard dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard dollarını isə toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edib.

ARDNF-in vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfert edilir ki, bununla da ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın qorunması təmin edilir. Fonddan ayrılan ilk vəsait Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldilib. Bu prosesin davamı olaraq, bir neçə ilə çadır şəhərcikləri tamamilə ləğv edilib, orada yaşayan insanlar üçün lazımı infrastrukturla təchiz edilmiş yeni qəsəbələr salınıb. ARDNF həmçinin ölkəmiz üçün çox mühüm iqtisadi, strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasını, "Star" neft emalı kompleksinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisini, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsini həyata keçirib.

ARDNF-in maliyyələşdirdiyi mühüm layihələrdən biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. Bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib ki, bu da Fondun ölkənin gələcək inkişafına, kadr potensialının yüksəldilməsinə istiqamətlənmiş ən böyük sərmayədir. Ümumilikdə bütün bu layihələrin icrasına 9,4 milyard dollar vəsait sərf edilib.

ARDNF-in əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda ARDNF-in şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Fond təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1 600-dən çox ən iri şirkətində səhmdardır.

ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.

Fəaliyyətə başladığı gündən əsas prinsipləri şəffaflıq və hesabatlılıq olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə BMT Fonda BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edib. Fond Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.

Suveren sərvət fondu olan ARDNF-nin fəaliyyəti daim beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Belə ki, Fond Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Trumanun hazırladığı uveren fondların qiymətləndirmə cədvəlində 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə, Suveren Fondlar İnstitutunun əməkdaşlarının yaratdığı “Linaburq-Maduel indeksi”ndə ən yüksək balı toplayaraq az sayda suveren fondla birgə 1-ci yerdə, 2018-ci ildə Suveren Fondlar İnstitutunun tərtib etdiyi dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb.

Bölmədən olan bütün xəbərlər