Büdcə
104

"Azəristiliktəchizat": Xidmətimizin qiyməti maya dəyərindən aşağıdır

“Azərbaycanda əhaliyə göstərilən istilik xidmətinin qiyməti maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır".

"Renkinq" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.

İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “15 ildən bəri yığılmış borclarımız bir dəfəyə bağlandığı üçün bu ötənilki hesabatımızda mənfəət kimi görünüb. Amma biz zərərlə işləyirik. Heç bir biznesmen də zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi əhali abunəçiləri üzrə 90%, kommersiya müəssisələri üzrə isə 100%-dir. 

“Bu gün istilik sistemi elə qurulub ki, istilik xəttləri bir evdən digər evə keçir və buna görə də borclu abunəçilərin istilik təchizatını dayandıra bilmirik. Bunu yalnız məhkəmə yolu ilə edə bilirik”, - deyə o, əlavə edib. 

İ.Mirzəliyev həmçinin bildirib ki, “Azəristiliktəchizat”ın Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən başqa heç bir quruma borcu yoxdur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər