Bankçılıq
333

Abbas İbrahimov: "ABB-nin yeni strateji inkişaf strategiyasının reallaşdırılmasına başlanılıb"

Abbas İbrahimov:

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) yeni strateji inkişaf strategiyasını Bankın müvafiq idarəetmə orqanları təsdiqləyib və 1 aya yaxındır ki, onun reallaşdırılmasına başlanılıb".

"Renkinq" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Yeni strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə  hazırlanıb, 2022-ci ilə qədər olan müddəti əhatə edir.  Onun əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.

Buna nail olmaq üçün ABB korporativ və pərakəndə seqmentdə əsas məhsullar üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində rəqabətə davamlı bazar payına sahib olmağı, sektorda ən yaxşı rəqəmsal təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter Score) göstəricisinə malik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsinə və rəqəmsal bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə sektorunda ən yaxşı işəgötürən kimi tanınmağı əsas strateji hədəfləri kimi müəyyən edib", - deyə o, qeyd edib.

Sədr ABB-nin özəlləşdirilməsi barədə də danışıb: "Bu, səhmdarların qərarlarından asılı məsələdir. İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail olmaqdır".

Bölmədən olan bütün xəbərlər