İnvestisiya
80

“Bakı Fond Birjası”nda marketmeyker fəaliyyəti üzrə tələblərə dəyişiklik edilib

“Bakı Fond Birjası”nda marketmeyker fəaliyyəti üzrə tələblərə dəyişiklik edilib

“Bakı Fond Birjası” QSC-də (BFB) ticarətdə tələb-təklifin stimullaşdırılması, rəqabətli qiymətlərin formalaşdırılması və likvidliyin artırılması məqsədi ilə istiqraz bazarında marketmeyker fəaliyyəti üzrə stimullaşdırıcı tələblər müəyyən olunub.

“Renkinq” xəbər verir ki, bu barədə Birjanın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, BFB-nın İdarə Heyətinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal məbləğinə dəyişliklik edilib. Dəyişikliklər aşağıdakı kimidir:

Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilib. Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal məbləği dəyişdirilərək aşağıdakı kimi müəyyən edilib:

1-ci qrup qiymətli kağızlar (Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Mərkəzi Bankının notları, İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları, Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300 min manat;

2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50 min manat.

İndiyədək marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal məbləği 1-ci qrup qiymətli kağızlar üzrə 1,5 milyon manat, 2-ci qrup qiymətli kağızlar üzrə isə 200 min manat təşkil edirdi. Bu tələblərə yalnız iki investisiya şirkəti cavab verərək korporativ qiymətli kağızlar bazarında marketmeyker qismində çıxış edirdi. “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, qeyd olunan tələbin 1-ci qrup qiymətli kağızlar üzrə 5 dəfə, 2-ci qrup qiymətli kağızlar üzrə isə 4 dəfə azaldılması fonunda dövlət qiymətli kağızları bazarında marketmeyker institutunun formalaşdırılması, korporativ qiymətli kağızlar bazarında isə marketmeyker fəaliyyətinin stimullaşdırılması ilə bazarın likvidliyinin artırılması nəzərdə tutulur.

BFB-nın ticarət qaydalarına əsasən, marketmeyker gündəlik olaraq BFB-də üzərinə götürdüyü öhdəlikləri məbləğində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. BFB-nın ticarət qaydaları və BFB-nın İdarə Heyətinin müvafiq qərarı BFB-nın internet səhifəsində (www.bfb.az) qayda və təlimatlar bölməsində yerləşdirilib.

Bölmədən olan bütün xəbərlər