Büdcə
80

ARDNF İtaliyadakı əmlakını satıb

ARDNF İtaliyadakı əmlakını satıb

Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə İtaliyanın Milan şəhərində aldığı daşınmaz əmlakı satıb. 

"Renkinq" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, şəhərin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr olan “Palazzo Turati” - A tipli ofis binası 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satılıb. Binanın icarədarı qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir.

Sözügedən əmlak indiyə qədər ARDNF-ə 26 milyon avro gəlir (illik 7,2% gəlirlilik) gətirib. Bura həm icarə haqları, həm də binanın qiymətindəki dəyişiklik daxildir". 

Binanın satışı ilə əlaqədar ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirib: “Ümumilikdə biz bu daşınmaz əmlakın satışını uğurlu hesab edirik. Bu cür əməliyyat Fondun daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır". 

Bölmədən olan bütün xəbərlər