Digər
153

Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxılıb

Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxılıb

Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və Dövlət Neft Fondunun (ARDNF) yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə, hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.

“Renkinq” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetrdir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda AMB-nin inzibati binasının təsviri, arxa tərəfində isə Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

ARDNF-in 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində isə Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

 Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Bölmədən olan bütün xəbərlər