Bankçılıq
117

Dövlət Statistika Komitəsi müvəqqəti işçilərinə ödəniş üçün bank seçib

Dövlət Statistika Komitəsi müvəqqəti işçilərinə ödəniş üçün bank seçib

Dövlət Statistika Komitəsi (DSK) bu gündən başlayaraq oktyabrın 10-na qədər həyata keçirəcəyi əhalinin siyahıya alınması üçün müvəqqəti işə götürdüyü şəxslərə ödəniş üçün vasitəçi kimi “Kapital Bank” ASC-ni seçib.

“Renkinq” xəbər verir ki, bu barədə Komitənin sədri Tahir Budaqov məlumat verib.

“Bütün müvəqqəti işçiləri kart təqdim olunacaq, xidmət haqqı tam məbləğdə həmin karta köçürüləcək ki, hər hansı mənfi hal baş verməsin”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat xidmət haqqı alacaq: “Onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödəniləcək. Təbii ki, bunlar vergilər daxil olmaqla ödənilən məbləğidir. Vergilər tutulduqdan sonra qalan məbləğ müvəqqəti işçilərə çatacaq”.

DSK sədri eyni işi görən şəxslərin xidmət haqları arasındak fərqi belə izah edib: “Xidmət haqları yerli statistika orqanlarının müvafiq işçilərinin maaşına bərabər tutulub. Bilirsiniz ki, statistika orqanlarında əmək haqqı da əhali sayına görə fərqlənir. Yəni əhalisinin sayı 50 minə qədər olan şəhər və rayonlardan maaşlar bir qədər aşağıdır, əhalisinin sayı 50-100 min nəfər olan bölgələrdə isə maaşlar bir qədər yuxarıdır”.

Xatırladaq ki, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfərdir. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılardır. Bu şəxslərə ümumilikdə 21 353 740 manat xidmət haqqı ödəniləcək.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər