İnvestisiya
151

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 627,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,65% az vəsait yönəldilib.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 66,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,0%-i xidmət sahələrinə, 9,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9%, büdcə vəsaitləri 27,7%, bank kreditləri 7,8%, əhalinin şəxsi vəsaitləri 6,7%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,3% təşkil edib.

8 ay ərzində Bakıda şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan MR-da 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bölmədən olan bütün xəbərlər