İnvestisiya
48

"Bakı Fond Birjası" Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edilib

Beynəlxalq Birjalar Assosiasiyasının sentyabrın 6-da Qırğızıstanda keçirilmiş ümumi yığıncağında "Bakı Fond Birjası" QSC-nin (BFB) quruma üzv qəbul edilməsinə qərar verilib. 

"Renkinq" bu barədə BFB-yə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, bu üzvlük Birjanın inkişafı üçün yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarın təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

2000-ci ildə Rusiyada yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir. 

Bölmədən olan bütün xəbərlər