Büdcə
219

Maliyyə Nazirliyi bu ilin I yarısında 757 min manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyi bu ilin I yarısında 757 min manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpasını təmin edib, digər əsassız ödənişlərin davam etdirilməsini dayandırıb.

"Renkinq" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi  nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. 

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. 

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, mütəxəssislər hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda apardıqları yoxlamalarla 5 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 295,08 min manatının bərpasını təmin edib, müvafiq sənədləri aidiyyəti üzrə təqdim edib. 

I yarımildə aparılan nəzarət tədbirləri zamanı bir sıra  xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına üzrə xərclənməsinə dair aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib. Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənmiş, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilib. 

Məktəbəqədər və orta təhsil müəssisələrində aparılmış yoxlamalarla şagirdlərin sayının müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu halda ingilis dili, alman dili, azərbaycan dili və fiziki tərbiyə fənləri üzrə dərslərin siniflərin yarımqruplara bölünməsi ilə keçirildiyi və bu hesaba süni əsas yaradılaraq əlavə əməkhaqqı ödənildiyi, qrupların fəaliyyət göstərməsi üçün lazımi tədris-maddi baza olmadığı halda günüuzadılmış qrupların təşkil edildiyi, ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqlarının yığılması və onların xərclənməsi üzrə uçotun tələb olunan səviyyədə aparılmadığı, maddi-məsul şəxslərin öhdəsində bərk və yumşaq inventarlar üzrə çatışmazlığa yol verildiyi aşkar edilib.

Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilmiş, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməmiş, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmayıb. 

Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.

Bölmədən olan bütün xəbərlər