Büdcə
163

Vergilər Nazirliyi: Bu ilin 7 ayında yerli investisiyalı MMC-lərin 87%-i elektron qaydada yaradılıb

Vergilər Nazirliyi: Bu ilin 7 ayında yerli investisiyalı MMC-lərin 87%-i elektron qaydada yaradılıb

Bu ildən Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsi ilə elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyat imkanının yaradılması bu xidmətdən istifadə edənlərin sayının sürətlə artması ilə nəticələnib. 

"Renkinq" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu ilin yanvar-iyul aylarında 7 116 yerli investisiyalı MMC dövlər qeydiyyatına alınıb ki, bunlardan da 6 176-da və yaxud 86,8%-də elektron qeydiyyat xidmətindən istifadə edilib. 

Xatırladaq ki, dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) təlimatı yerləşdirilib.

Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Bölmədən olan bütün xəbərlər