Sığorta
89

Azərbaycanda “Sığortalı gələcək” adlı təşviqat proqramına start verilib

Azərbaycanda “Sığortalı gələcək” adlı təşviqat proqramına start verilib

Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”na əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Könüllülük Məktəbi” çərçivəsində “Sığortalı gələcək” adlı təşviqat proqramı hazırlayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, Proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.

Ötən gün Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov könüllülərlə tanış olub. Müasir dövrdə sığorta sektorunun qlobal maliyyə bazarlarında önəmli yer tutmasını qeyd edən İ.Alışov könüllülərə ölkəmizin sığorta bazarı barədə məlumat verib, layihənin əhəmiyyətini vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulayıb və bu layihədə iştirakın onların gələcək peşəkar fəaliyyətləri istiqamətində uğurlu addım olduğunu bildirib.

Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də bu layihə ilə bağlı öz fikirlərini bölüşüb, ASAN könüllülərinin ölkədə gedən icitmai-siyasi proseslərə daim dəstək olduğunu bildirib. C.Hacıyev sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində ASAN könüllülərinin rolunun önəmini vurğulayaraq onlara müvəffəqiyyətlər arzu edib.

Proqramda iştirak etmək hüququ qazanmış könüllülər Maliyyə Bazarlarına Nəzarət Palatasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil edəcəyi 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsindən ibarət olacaq.

Bölmədən olan bütün xəbərlər