Sığorta
171

Azərbaycanda “Yaşıl Kart” sistemi ilə bağlı sığorta hadisələrinin sayı 6% artıb

Azərbaycanda “Yaşıl Kart” sistemi ilə bağlı sığorta hadisələrinin sayı 6% artıb

Bu ilin I yarısında Azərbaycanın “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərən 12 sığorta şirkəti 18 837 sığorta şəhadətnaməsi satıb və 1 359 162 manat sığorta haqqı toplayıb.

“Renkinq” İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16% və 15% çoxdur.

Son 1 ildə “Yaşıl Kart”la bağlı sığorta hadisələrinin sayı isə 5,8% artaraq 219-a çatıb.

Yanvar-iyun aylarında İSB “Yaşıl Kart” sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 işin icraatını davam etdirib. Bu, illik müqayisədə 42% azdır və Büronun sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.

Xatırladaq ki, “Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

Bölmədən olan bütün xəbərlər