Sığorta
234

İcbari Sığorta Bürosunun kompensasiya ödənişləri 31% azalıb

İcbari Sığorta Bürosunun kompensasiya ödənişləri 31% azalıb

Bu ilin I yarısında İcbari Sığorta Bürosunun (İSB) icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98-i üzrə iş başa çatdırılıb və qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənilib.

“Renkinq” xəbər verir ki, bu barədə İSB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 40 kompensasiya tələbi üzrə icraat ötən il başlasa da, proses bu il başa çatıb və ödənişlər də bu ilə təsadüf edib.

6 ay ərzində 35 ölüm halına görə 138 000 manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 380 manat, 31 az ağır xəsarət halına görə 43 703 manat, 4 halda əlillik dərəcəsinə görə 11 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə  görə 6 417 manat ödəniş verilib. Ümumilikdə hesabat dövründə zərərçəkmiş və III şəxslərə 228 min manat kompensasiya ödənilib. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilib, 51 tələb isə baxılma mərhələsindədir.

Xatırladaq ki, ötən ilin eyni dövründə 60 ölüm halına görə 233 750 manat, 11 ağır dərəcəli xəsarət halına görə 16 200 manat, 36 az ağır dərəcəli xəsarət halına görə 53 750 manat,  7 halda əlillik dərəcəsinə görə 17 500 manat, 12 halda yüngül dərəcəli xəsarətə görə  8 125 manat, ümumilikdə isə 329 325 manat ödəniş verilmişdi. Yəni, son 1 ildə İSB-nin kompensasiya ödənişləri 30,8% azalıb.

Hesabat dövründə ödənişlər ölüm hallarında 41%, şəxsin az ağır xəsarət alması hallarında 18,7%, əlillik dərəcəsi alma hallarında 34,3%, yüngül dərəcəli xəsarət alma hallarında 21% azalıb, ağır xəsarət alma hallarında isə 75% artıb.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar inteqrasiyanın tamamlanması nəticəsində sığortalı avtomobillərin sayında nəzərəçarpacaq artım baş verib. Bu isə öz növbəsində kompensasiya ödənişləri ilə bağlı halların azalmasına səbəb olub.

Gələcək illərdə qarşısıalınma tədbirləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən digər tədbirlərin həyata keçirilməsi (dövlət qurumları ilə inteqrasiyaların tamamlanması, nəzarət mexanizmlərinin gücləndirilməsi və s.) sayəsində kompensasiya ilə bağlı hadisələrin sayının daha da azalacağı ehtimal olunur.

Bölmədən olan bütün xəbərlər