Bankçılıq
339

AKİA və “Bank Respublika” əməkdaşlıq haqqında memorandum imzalayıb

AKİA və “Bank Respublika” əməkdaşlıq haqqında memorandum imzalayıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan “Bank Respublika” ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.

Sənədi AKİA tərəfdən qurumun sədri Mirzə Əliyev, “Bank Respublika” tərəfdən isə, qurumun İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.

“Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən faydananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. AKİA-nın vəsaitlərindən istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının, sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək istəyir. Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında və aqrar sahədə biliklərinin genişləndirilməsində “Bank Respublika”nı özümüzə tərəfdaş görmək istəyimizdir” – deyə M.Əliyev bildirib.

“Bank Respublika” sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə - AKİA ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. “Bank Respublika” qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə davam edəcək” - deyə T.İsmayılov bildirib.

Əməkdaşlıq memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi, məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə tutulub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər