Bankçılıq
291

"Bank Respublika" 27 yaşını qeyd edir

Bu gün "Bank Respublika" ASC-nin fəaliyyətə başlamasından 27 il keçir.

"Renkinq" xatırladır ki, "Bank Respublika" 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının (indiki Mərkəzi Bank) lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib.

Hazırda "Bank Respublika" müştərilərə müxtəlif növ bank xidmətləri (hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant (uzaqdan göstərilən) bank xidmətləri və s.) göstərir.

Bank müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

"Bank Respublika"nın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.

Bank müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir.

"Bank Respublika" sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edir. Bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin əmanətlərini Fondun şərtlərinə əsasən sığortalayır.

Bankın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda aktiv iştirakı təşkil edir. "Bank Respublika" Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham), Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvüdür.
"Bank Respublika" "Ofis24" layihəsi çərçivəsində Azərbaycanda fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərən ilk bankdır və bu müştərilərə olan xüsusi diqqət və qayğının göstəricisidir.

Hazırda Bank Azərbaycanda mövqelərini daha da möhkəmləndirir.

Bölmədən olan bütün xəbərlər